Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin təhsil müəssisələri üzrə onlayn qeydiyyatına başlanılacaq. Tələbə adını qazanmış şəxslər portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Sistem tərəfindən qəbul məlumatları, əvvəlki təhsil məlumatları, şəxsi məlumatlar, sosial kateqoriyanın təyini, təhsil haqqı güzəştlərinin təyini və təqaüdün iki mislindən az olmayan təqaüd müraciəti avtomatik təyin edilir. Müraciətlərin elektronlaşdırılması nəticəsində abituriyentlər təhsil müəssisəsinə getmədən sürətli qeydiyyat, təhsil haqqının onlayn ödənilməsi kimi imkanlardan, bununla yanaşı ödənişli əsaslarla qəbul olanlar isə sosial güzəşt üçün müraciət və digər fürsətlərdən daha çevik, eləcə də rahat faydalana bilirlər.